Haqqında

Mətbuat xülasəsi

"Dinlərarası və sivilizasiyalararası  əməkdaşlıqdan bəşəri həmrəyliyə"
Beynəlxalq Konfrans
Vyana, 19 iyun 2019

 

MƏTBUAT XÜLASƏSİ 

 

Bakı Beynəlxalq dinlərarası və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi, KAİCİİD Beynəlxalq dinlərarası və mədəniyyətlərarası dialoq Mərkəzi, Cenevrə İnsan hüquqları və qlobal dialoq Mərkəzi və Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə 19 iyun 2019-cu il tarixində Vyana şəhərinin "Hofburq" sarayında "Dinlərarası və sivilizasiyalararası  əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda Beynəlxalq Konfrans keçirildi.  Tədbirdə Avstriyanın və dünyanın 30-dan artıq ölkəsini təmsil edən dövlət, parlament, beynəlxalq və qeyri-hökumət təşkilatları, müxtəlif elm xadimləri, dini konfessiya rəhbərləri, habelə Avstriyada akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər. Azərbaycan nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzinin Baş katibi Şeyxülislam Allahşükür Paşazadənin və Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovun rəhbərliyi altında müxtəlif dövlət, parlament, elmi və dini xadimlər daxil idi.

Beynəlxalq Konfransın təşkili Azərbaycanın multikulturalizm modelinin təbliğinin bəşəri önəmindən, dinlər və sivilizasiyalararası dialoq və əməkdaşlığın inkişaf etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında müstəsna əhəmiyyət kəsb etməsindən irəli gəlir.   Avropanın aparıcı dövləti olan və müxtəlif mədəniyyətlərin, dinlərin təmsil olunduğu Avstriyada keçirilən Beynəlxalq Konfrans mühüm, qlobal əhəmiyyət kəsb edən bu mövzuya dünya ictimaiyyətinin diqqətini daha da artırmaq, sülhü və əmin-amanlığı təhdid edən amillərə, xüsusilə dinlərarası ixtilaflara qarşı müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və dinlərin nümayəndələrinin birgə mövqeyini nümayiş etdirmək məramına xidmət edir.

Azərbaycan Prezidenti İlham Əliyevin Vyana Beynəlxalq Konfransının ünvanına oxunulmuş məktubda aparılan müzakirələrin və irəli sürülən səmərəli təkliflərin dünyada dinlərarası dialoqun təşviqinə, mədəniyyətlərarası harmoniyanın güclənməsinə, sülhə və qarşılıqlı anlaşmaya dəyərli töhfələr verəcəyinə əmin olduğu ifadə edilirdi. Tədbirdə həmçinin BMT Baş Katibinin müavini, BMT Sivilizasiyalar Alyansı Ali Nümayəndəsi Migel Moratinos və BMT Baş Katibinin müavini Rəşid Xalikov çıxış etdilər. Şeyxülislam Allahşükür Paşazadə, öz çıxışında Azərbaycanda milli və bəşəri dəyərlərə, multikulturalizm ənənələrinə böyük önən verildiyini, müxtəlif mədəniyyətlər və dinlər arasında əməkdaşlığın dövlət səviyyəsində dəstəkləndiyini bildirdi. O, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş ərazilərimizdə tarixi, mədəni və dini abidələrin məhv edildiyini diqqətə çəkərək, münaqişənin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həllinin vacibliyini, BMT-nin məlum qətnamələrinin yerinə yetirilməsinin və ATƏT-in Minsk Qrupunun öz səylərini artırmasının zəruriliyini vurğuladı. Vyana Konfransında Azərbaycanın sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafında rolunu və multikulturalizm dəyərlərini əks etdirən "Bəşəri çağırış" filmi nümayiş etdirildi.

Tədbirin sonunda Beynəlxalq Konfrans iştirakçıları Yekun sənəd - Vyana Bəyannaməsi qəbul etdilər. Sənəddə qeyd olunur ki, müasir dünyada humanist ideyaların təşviqi və multikultural həyat tərzinin təbliği baxımından önəm kəsb edən belə forumların davamlı keçirilməsi olduqca aktual və zəruridir.