Çıxışlar

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN SƏDRİ, BAKI BEYNƏLXALQ DİNLƏR VƏ SİVİLİZASİYALAR ARASI ƏMƏKDAŞLIQ MƏRKƏZİNİN BAŞ KATİBİ ŞEYXÜLİSLAM ALLAHŞÜKÜR PAŞAZADƏ HƏZRƏTLƏRİNİN AŞILIŞ NİTQİ

O Bir Olan Yaradanın adı ilə!

Möhtərəm Beynəlxalq Konfrans iştirakçıları!

 

         Qafqaz Şeyxülislamı olaraq mən, dəvətimizi qəbul edərək Konfransımıza təşrif buyurmuş bütün iştirakçıları səmimi qəlbdən salamlayır, tədbirə öz xeyir-dualarımı verirəm.

Konfransın təşkilində bizə göstərdiyi dəstəyə görə  tədbirimizin həmtəşkilatçılarına – Cenevrə İnsan haqları və qlobal dialoq mərkəzinin İcraçı direktoru möhtərəm cənab Cəzairiyə, KAİSİİD-in Baş katibi -- dostum və qardaşım cənab Feysal bin Muammara, Azərbaycanın Xarici İşlər Nazirliyinə və Avstriyadakı səfirliyimizə dərin təşəkkürlərimi bildirmək istərdim.

Konfransımıza təşrifləri ilə şərəf verən BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi cənab Moratinosa, BMT Baş katibinin müavini cənab Rəşid Xalikova, Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin Dini işlər üzrə müşaviri cənab Əl-Haşimə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənov cənabları başda olmaqla Azərbaycanın dövlət xadimlərinə, Milli Məclisinin üzvərinə, din və elm xadimlərinə, digər ölkələrin yüksək səviyyəli din, dövlət xadimlərinə, habelə KAİSİİD-in Direktorlar Şurasındakı həmkarlarıma minnətdarlığımı bildirir, hamıya xoş gəlmisiniz deyirəm.

           Möhtərəm Konfrans iştirakçıları! Kəskin ziddiyyətlər, terror, dini və milli zəmində ekstremizm, ksenofobiya, xristianofobiya, antisemitizm və islamofobiyanın tügyan etdiyi, dini-mədəni dəyərlərə savaş açıldığı narahat dünyamıza Azərbaycan öz nadir təcrübəsini - multikulturalizm modelini təklif edir.

Bu model Azərbaycan Prezidentinin müəllifi olduğu Mədəniyyətlərarası əməkdaşlığa dair Bakı Prosesi, elan etdiyi Multikulturalizm, İslam Həmrəyliyi illəri çərçivəsində ölkəmizdə və ölkə xaricində mütəmadi keçirilən qlobal forum və tədbirlərdə təblig və təşviq olunur. Azərbaycanda 2017-ci ildə Prezidentimizin tövsiyəsi ilə Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Bakı Beynəlxalq dinlərarası və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi tərəfindən İspaniyada, Almaniyada keçirilmiş uğurlu beynəlxalq konfransların ardınca, bu gün Avstriyada sizlərlə fikir mübadiləsi aparmaq fürsətindən məmnunuq.

            Möhtərəm Konfrans iştirakçıları! Milli və bəşəri dəyərlərə, multikultural ənənələrə hər zaman böyük önəm vermiş Azərbaycan bu gün dünyanın mənəvi dəyərlər mərkəzi olaraq tanınır. Multikulturalizm ölkəmizdə dövlət siyasəti səviyyəsində həyata keçirilir. Bu müdrik siyasətin bünövrəsi ümummilli liderimiz Heydər Əliyevin zamanında qoyulmuşdur.

Bu siyasəti yüksək səviyyədə davam və inkişaf etdirən Prezidentimiz İlham Əliyev cənablarının fəaliyyəti sayəsində bu gün Azərbaycan dinlərarası, konfessiyalararası, həmçinin, məzhəblərarası həmrəyliyinin nadir nümunəsinə malik bir məkan, milli birlik, mənəvi vəhdət, dini-mədəni müxtəlifliyin unikal nümunəsidir. Azərbaycanın birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyevanın dünya miqyasında mədəni sahədə unikal fəaliyyəti, milli-mənəvi irsimizi ən yüksək səviyyədə təbliğlə yanaşı ümumbəşəri dəyərlərə diqqət və himayəsi Azərbaycanın bu istiqamətdə söz sahibinə çevrilməsinə ali xidmət oldu.

Möhtərəm Beynəlxalq Konfrans iştirakçıları!  Biz dünyanın bütün siyasi və dini liderlərinə müraciət edərək, sülhün, sabitliyin qorunması naminə səylərini artırmağa, bu yolda dinlər, mədəniyyətlər arası əməkdaşlığın imkanlarından bəhrələnməyə çağırırıq. İnsan qırğını, maddi və qeyri-maddi mədəni irsin məhvi, Misirdə qibti zəvvarlara qarşı təcavüz, Fələstin, Suriya, Əfqanıstan, Liviyadakı durum, Yeni Zelandiya, Şri-Lanka, Pitsburqda və digər məkanlardakı dini məbədlərdə törədilən mənfur terror hadisələri sivilizasiyalar arasında qütbləşməni dərinləşdirir. Bütün bu təzahürlərin aradan qaldırılması işində dövlət rəhbərlərinin, ictimai və dini qurum liderlərinin birgə əməkdaşlığını vacib sayırıq.

            Möhtərəm Beynəlxalq Konfrans iştirakçıları!  Biz uzun illər davam edən, regionumuzda və dünyada sülhə təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin – Ermənistanın 20 faiz Azərbaycan torpaqları işğalı nəticəsində yaranmış problemin ərazi bütövlüyümüz çərçivəsində həllini istəyir,  Ermənistan tərəfindən BMT-nin məlum qətnamələrinə əməl olunmasını tələb edir və ATƏT-in Minsk qrupunun sülhyaratma missiyasından real nəticə gözləyirik.

            Möhtərəm Konfrans iştirakçıları! 

Yüksək səviyyəli dövlət və din xadimlərinin qlobal müstəvidə problemlərin həlli naminə bir araya gələrək qüvvə və səylərini birləşdirmələri  birgə əməkdaşlığın önəm və perspektivlərini, eyni zamanda, Azərbaycanın irəli sürdüyü qlobal ideyaların yaşam qüvvəsini göstərir. Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq, cari ilin 14-15 noyabr tarixlərində baş tutacaq Dünya dini liderlərinin II Bakı Sammiti sivilizasiyalararası dialoqun inkişafına, qlobal müstəvidə insan hüquqlarının təmini və qarşılıqlı etimad mühitinin yaradılması işinə Azərbaycan dövlətinin daha bir dəyərli töhfəsi olacaqdır.

Dini lider olaraq, bugünkü mötəbər tədbirdə iştirak edən bütün siyasi, ictimai və din xadimlərinə xeyirxah əməllərində Ulu Tanrıdan xeyir-dualar diləyir, Vyana Beynəlxalq Konfransının işinə uğurlar arzu edirəm. Yaradılmış şəraitə, göstərilən qonaqpərvərliyə görə Avstriya dövlətinə minnətdarlığımızı bildirir, uğurlar diləyirik.

Qoy Uca Yaradan bugünkü xoşməramlı tədbirimizin işinə rəvac versin! AMİN!