Çıxışlar

AVSTRİYA RESPUBLİKASI VI AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTLƏRİNƏ TƏŞƏKKÜRNAMƏ

 

AVSTRİYA RESPUBLİKASININ PREZİDENTİ

ALEKSANDR VAN DER BELLEN CƏNABLARINA

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ

İLHAM ƏLİYEV

CƏNABLARINA

 

 

Avstriya Respublikasının paytaxtı Vyana şəhərində keçirilən “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” Beynəlxalq Konfransın iştirakçıları, 30-a yaxın ölkəni təmsil edən dövlət, elm və din xadimləri, 20-dən çox beynəlxalq təşkilatların nümayəndələri və digər mötəbər qonaqlar adından  bu tədbirin yüksək səviyyədə keçirilməsinə xüsusi diqqət göstərdiyinizə görə dərin minnətdarlığımızı  bildiririk. 

Qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada islamofobiya, antisemitizm, xristianofobiya  hallarının müşahidə olunduğu, terrorizm, separatçılıq, dini radikalizm kimi bəşər sivilizasiyasını təhdid edən hadisələrin yaşandığı bir zamanda Azərbaycanın  dünyaya təqdim etdiyi multikulturalizm və tolerantlıq modelinə, sivilizasiyalararası əməkdaşlığa böyük ehtiyac vardır.  Avropanın mərkəz dövlətlərindən sayılan Avstriya Respublikası tərəfindən bu qlobal təşəbbüsün dəstəklənməsi olduqca təqdirəlayiqdir. “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda Beynəlxalq Konfransın gedişatı bir daha sübut edir ki, müasir dünyada humanist ideyaların təşviqi və multikultural həyat tərzinin təbliği  baxımından önəm kəsb edən, bəşəriyyətin sabitliyinə xidmət edən belə ali forumların davamlı keçirilməsi olduqca aktual və zəruridir.

            Konfransın mötəbər qonaqları, dini qurumların və  beynəlxalq təşkilatların rəhbərləri dinlər, konfessiyalar və sivilizasiyalar arası dialoqa, multikulturalizm və tolerantlıq ənənələrinə xüsusi əhəmiyyət verən Avstriya və Azərbaycan dövlətinin rolunu yüksək qiymətləndirirlər.  Əminik ki, Konfransın ali məqsədi olan bəşəri həmrəylik ideyası sivilizasiyalararası dialoqun   inkişafına, qarşılıqlı anlaşma və dostluq kimi bəşəri dəyərlərin təşviqinə və təkamülünə öz    töhfəsini verəcəkdir. 

Uca Yaradan hər zaman yardımçınız olsun! Amin.

Dərin hörmət və ehtiramla

“Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” Beynəlxalq Konfransının iştirakçıları adından

Təşkilat Komitəsinin sədri, «Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi»nin Baş Katibi

 Şeyxülislam Allahşükür Paşazadə