Haqqında

Haqqında

 “Sivilizasiyalar və dinlər arası dialoqdan bəşəri həmrəyliyə doğru”

Beynəlxalq Vyana Konfransı

MƏLUMAT

Konfransın təşkilatçıları:

  • Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyi;
  • KAİCİİD Beynəlxalq dinlərarası və mədəniyyətlərarası dialoq Mərkəzi;
  • Cenevrə İnsan hüquqları və qlobal dialoq Mərkəzi;
  • Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi.

Keçirilmə tarixi:            19 iyun 2019-cu il.

Keçirilmə məkanı:        Vyana  şəhəri.

Əsas məqsəd:       Sivilizasiyalar və dinlərarası dialoqun əmşkdaşlığa, bəşəri həmrəyliyə doğru inkişaf etdirilməsi, multikulturalizm ənənələrinin qorunmasının əhəmiyyəti və mədəni - mənəvi dəyərlərin təbliğ olunması, müasir dünyanın təhdid və təhlükələrinə dair Konfrans iştirakçılarının birgə mövqeyinin bildirilməsi.

Əsaslandırma: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı il Azərbaycanda Multikulturalizm ili, 2017-ci il isə İslam həmrəyliyi ili elan edilmişdir. Bu çərçivədə, Azərbaycanda və  xarici ölkələrdə bir sıra beynəlxalq tədbirlər, o cümlədən, Finlandiyada, İsveçdə, İranda, Türkiyədə, İspaniyada, Rusiyada, Özbəkistanda birgə konfranslar keçirilmişdir.

“Bakı Beynəlxalq dinlər və sivilizasiyalar arası əməkdaşlıq Mərkəzi”nin yaradılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev tərəfindən 21 dekabr 2017-ci il tarixində Bakı şəhərində keçirilmiş “Dinlər və mədəniyyətlər arası dialoq” Beynəlxalq Konfransında irəli sürülmüş və bu təklif həmin Konfrans iştirakçıları tərəfindən yekdilliklə qəbul edilmişdir.

40 dövlətin,  o cümlədən, Avropa, Amerika, Afrika, Mərkəzi və Cənub-Şərqi Asiya və Yaxın Şərq ölkələrinin dövlət, elm, ictimaiyyət və din xadimlərinin, habelə 7 beynəlxalq təşkilatın rəhbərlərinin iştirak etdiyi “Dinlər və mədəniyyətlərarası dialoq” Beynəlxalq Konfransı müasir dünyada terror, ekstremizm, dini radikalizm, aqressiv separatizm, siyasi məqsədlərlə dindən sui-istifadə etmə, ksenofobiya, antisemitizm və islamofobiya təzahürlərinə qarşı mübarizədə dinlər və sivilizasiyalararası həmrəyliyin vacibliyini bir daha bütün dünyaya nümayiş etdirərək, belə tədbirlərin davam etdirilməsini və daimi əsaslarda təşkil olunmasını məqsədəuygun saymışdır.

Bu məqsədlə, daimi əsaslarda fəaliyyət göstərən “Bakı Beynəlxalq dinlər və sivilizasiyalar arası əməkdaşlıq Mərkəzi” Bakı şəhərində, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində təsis olunmuş, Mərkəzin dünyanın müxtəlif dinlərini  təmsil edən himayədarlar və məşvərət Şuraları və Katibliyi yaradılmışdır.

2018-ci ilin 5-6 noyabr tarixlərində Madrid şəhərində, “Bakı Beynəlxalq dinlər və sivilizasiyalar arası əməkdaşlıq Mərkəzi”-nin İspaniya Krallığı Ədliyyə Nazirliyi, AR Dini qurumlarla iş üzrə Dövlət Komitəsi və İspaniyada fəaliyyət göstərən “Evsen” şirkətlər qrupu ilə birgə “Dinlərin sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” III Beynəlxalq Konfransı keçirilmişdir.

2018-ci ilin 19 noyabr tarixində Berlin şəhərində “Bakı Beynəlxalq dinlər və sivilizasiyalar arası əməkdaşlıq Mərkəzi”-nin AR Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi, Almaniya-Azərbaycan Forumu və Berlin Mədəni Diplomatiya Akademiyası ilə birgə «Dinlər və sivilizasiyalar arası dialoqdan əməkdaşlığa doğru» Beynəlxalq Konfransı keçirilmişdir.       

Düşünülür ki, belə tədbirin Avropanın mərkəzində yerləşən və müxtəlif mədəniyyətlərin və dinlərin təmsil olunduğu Avstriyada keçirilməsi bu mühüm əhəmiyyət kəsb edən mövzuya dünya ictimaiyyətinin diqqətinin daha da artmasına və müasir dünyanı, sülhü və əmin-amanlığı təhdid edən amillərə, xüsusilə də, dinlərarası ixtilaflara qarşı müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin birgə mövqeyini nümayiş etdirməyə zəmin yaradacaq.

Göstərilənlər nəzərə alınaraq, “Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi” Azərbaycanın Vyanadakı Səfirliyi və KAİCİİD beynəlxalq dinlər və mədəniyyətlər arası dialoq Mərkəzinin vasitəsilə Avstriyanın müvafiq dövlət və ya qeyri hökumət təşkilatları, dini və elmi mərkəzləri ilə birgə “Sivilizasiyalar və dinlər arası dialoqdan bəşəri həmrəyliyə doğru” mövzusunda (Konfransın adı ilə bağlı yeni təkliflər verilə bilər) Konfransın 2019 - cu ilin 19 iyun tarixlərində Vyana şəhərində keçirilməsi təklif olundu.

Konfransın mövzuları:

- Sivilizasiyalararsı və dinlərarası əməkdaşlığın bəşəri həmrəyliyə doğru inkişafı dünyada sülhün bərqərar olmasına xidmət edir;

- Terrorizm, ekstremizm, separatizm və ksenofobiya dinlərarası əməkdaşlığa təhdid kimi;

- Gənclərin maarifləndirilməsində, mədəni və mənəvi irsin qorunmasında sivilizasiyalararası və dinlərarası əməkdaşlığın rolu;

- İrqi və dini dözümsüzlük, təcavüzkarlıq, etnik təmizləmə siyasətinə məruz qalmış qaçqın və məcburi köçgünlərə, miqrantlara mərhəmət göstərməyin vacibliyi;

- Münaqişə zonalarında etnomədəni və dini abidələrin dağıdılması və zorakılığa məruz qalması;

- Dövlət, elm və din xadimlərinin sivilizasiyalararası və dinlərarası əməkdaşlığın təşviqində birgə səylərinin rolu;

-  İnsan hüququları sahəsində, qadın və uşaq haqlarının qorunmasında din, dövlət, elm və ictimaiyyət xadimlərinin birgə fəaliyyətinin vacibliyi.

Konfransın işçi dilləri:

Azərbaycan, alman, ingilis, ərəb, rus.